"Ultras Sumqayıt" baş məşqçidən üzr istədi
“Sumqayıt”ın azarkeşlərinin “Neftçi” ilə oyunboyu rəqibin baş məşqçisi Samir Abasovun ünvanına təhqiramiz ifadələr səsləndirməsinin səbəbi bəlli olub.
UFL.az xəbər verir ki, bu, meydan sahiblərinin azarkeş qruplarından olan “Ultras Sumqayıt”ın bəyanatında əksini tapıb.
Fanatlar Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Neftçi” görüşündəki davranışlarına aydınlıq gətiriblər: “Matçdan öncə mətbuatda Samir Abasovun klubumuzdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı”. “Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik”.