Qurban Qurbanov: "Futbolda elə qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan"
"Qarabağ" UEFA Avropa Liqası Liqa fazasının 6-cı turunda İsveçdə "Elfsborq"a 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi. Bura qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Futbol həm kiçik, həm də kobud səhvlərin üzərində qurulub. Ani bir diqqətsizlikdən qapımızda qol gördük. Hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Bu il çox əziyyət çəkdilər. Xeyli uğursuzluqlarımız oldu. Buna baxmayaraq, irəliyə baxmalıyıq. Bu il Avropa Liqası bizim üçün böyük təcrübə oldu. Rəqibi təbrik edirəm. Çox istəkli idilər.
- Bu gün hücum futboluna üstünlük vermişdiz, yoxsa müdafiədən oynamağa? Oyun planınız özünü nə dərəcədə doğrultdu?
- Biz həmişə müdafiəni öndə qurmaq istəyirik. Bu gün də öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə müdafiə olunan bir komanda var idi. Bizi bir neçə əks-hücumda tutdular.
- "Qarabağ"ın uğursuz çıxışının səbəbi nədir?
- Hər məğlubiyyət bir uğursuzluqdur. Amma ümumən çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdır. Əgər Liqa mərhələsində iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bəzən böyük komandalarda da uğursuz dövr görürük. Bu, futbolun qanunlarından biridir. Futbolda elə qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan. Biz daha yaxşısını etmək üçün daim çalışırıq. Klubun, futbolçunun yorulmuş halları olur. Hər uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər kəsi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də belə hallara hazır olmalıyıq.
- Dediniz ki, yorğunluq var. Belə olan halda bir qan dəyişikliyi lazım olur. Klubun belə fikri var?
- Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. O demək deyil ki, əlimizdə olan futbolçuları göndərməyi düşünürük. Özünüz gördünüz ki, müdafiə xəttində oyunçu qalmamışdı. Mərkəz müdafiəçiləri Kevin Medina və Bəhlul Mustafazadə zədəli idilər. Belə oyunlarda müdafiə xətti çox vacib olur. Neçə matçdır Mateus Silvanı müdafiənin mərkəzində oynadırıq. Onun oyunundan çox da razıyam. Amma bir nəfər də zədələnsəydi, mərkəzdə oynatmağa futbolçum yox idi. Axtarışdayıq. Transfer pəncərəsində mütləq bir neçə yenilik etmək istəyirik. Gedişata baxacağıq. Alınsa, mütləq komandaya bir neçə futbolçu götürəcəyik.
- İkinci hissənin əvvəlində rəqib üstünlüyü ələ keçirdi. Bunun səbəbi nə idi? Belə təzyiqi gözləyirdiz?
- Bu tip komandalar əksər hallarda hücumları uzun toplardan sonra qururlar. Belə komandalarda 3-4 epizod alındısa, o deməkdir ki, rəqibi öz zonanda qəbul edirsən. İkinci hissənin əvvəlində bəzi birə-bir mübarizələrdə müdafiəçilərimizin uduzması belə standart vəziyyətlərə gətirib çıxardı. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. Onların oyun üslübuna görə bəzi top itkilərimiz oldu. Rəqib bunun üzərində daim çalışan komandadır. Ona görə də yaxşı istifadə edə bilir. Oyunu demək olar ki, elə o dəqiqələrdə uduzduq. Sonra xeyli sayda hücumlarımız oldu. Amma rəqibin ucaboylu 3 mərkəz müdafiəçisi yaxşı oynadı. Onların müdafiədəki oyununu qiymətləndirməliyik. (sportal.az)