Məsuliyyəti Bizim Prioritetimizdir!
Hörmətli Ulduzlar Liqası iştirakçıları və izləyiciləri,
2024/25 mövsümündə bəzi komandalar bizim üçün böyük bir məyusluq yaradan qərarlar alaraq liqanı vaxtından əvvəl tərk etdilər. Bu, yalnız liqamızın qaydalarına qarşı bir hörmətsizlik deyil, eyni zamanda idman prinsiplərinə zidd bir davranışdır. İdmanın əsas mahiyyəti olan birlik, əzmkarlıq və məsuliyyət anlayışına kölgə salan belə hərəkətlər Ulduzlar Liqasının yüksək standartlarına uyğun gəlmir.
Bir idman hərəkatı olaraq, liqamızın əsas məqsədi yalnız futbolu təbliğ etmək deyil, həm də komandalar arasında hörmət və intizam prinsiplərini qorumaqdır. Bu səbəbdən, liqa rəhbərliyi olaraq qərar almışıq:
Liqadan özbaşına çıxan hər hansı bir komanda və ya onun heyət üzvləri gələcəkdə Ulduzlar Liqasında iştirak edə bilməyəcək.
Bu qərar nə qədər sərt görünsə də, liqamızın nüfuzunu və idmançılıq ruhunu qorumaq üçün qaçınılmazdır. Hər bir komanda Ulduzlar Liqasında iştirak edərkən qəbul etdiyi öhdəlikləri yerinə yetirməkdən məsuldur. Bu qaydalar yalnız liqa iştirakçıları arasında ədalət prinsiplərini təmin etmək üçün deyil, həm də həvəskar futbolun inkişafını dəstəkləmək üçün tətbiq edilir.
Ulduzlar Liqası, futbola olan sevgi və hörmət üzərində qurulmuş bir ailədir. Bu ailədə yer almaq yalnız bacarıqla deyil, həm də məsuliyyət və sadiqliklə mümkündür. Liqa olaraq hər zaman əzmkarlıq göstərən, ədalətli oyun qaydalarına riayət edən və bu böyük futbol ailəsinin bir parçası olmaq üçün səy göstərən komandaları dəstəkləməyə davam edəcəyik.
İdmanın ruhu ilə daim irəli!
Anar Məmmədov
Ulduzlar Liqasının rəhbəri