İngiltərədə futbolçu öldürülüb
İngiltərənin "Barton Taun" klubunun qapıçısı Ceyms Hiçkok ötən həftəsonu faciəvi şəkildə həlak olub.
UFL.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü saat 20:45 radələrində York şəhərinin dəmir yolu stansiyasında baş verib.
30 yaşlı qapıçı ölümlə nəticələnən ciddi baş travmaları alıb. Futbolçunun həyat yoldaşı və uşağı qalıb. Cinayətlə bağlı qətl və soyğunçuluqda ittiham olunan 22 yaşlı Makkenzi Dikiçço həbs edilib.
Ceymsin ölümündən çox təsirlənən klubun sədri Mark Qreqori deyib: "Ceymsin ölüm xəbərini qəbul etmək çətin oldu. Dəhşətlidir. Ceyms klubun məşhur üzvü idi. Hamımız məhv olmuşuq. Biz çox sıx bağlı bir klubuq. Klub bütün oyunları təxirə salıb".
Qeyd edək ki, "Barton Taun" İngiltərənin 9-cu divizionunda çıxış edən yarıpeşəkar klubdur.