"Hədəfimiz çempionluqdu" - MÜSAHİBƏ
Ötən gün minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümünün püşkatma mərasimi keçirilib. Sabah start veriləcək yarışda 14 komanda iştirak edəcək. İştirakçılar arasında "Sumqayıt" da var. Klubun təsisçisi və rəhbəri Nicat Ələsgərov Rekord.az-a müsahibəsində komandanın yeni mövsmdəki hədəflərindən söz açıb:
- Nicat bəy, Sumqayıtda minifutbol komandası yaratmaq ideyası hardan gəldi, kim tərəfindən gəldi, öncə bundan başlayaq...
- Komanda yaratmaq fikri 2018 ci ildə ortaya çıxdı. Həmin illərdə minifutbolun həvəskar səviyyədə turnirlərinə şahidlik edirdik.Təssüf ki bu çempionatlarda ya şəhərimizin təmsilçisi olmurdu, ya da zəif nəticə ilə qrupdaca turnir ilə vidalaşırdılar.Qərara gəldim ki, yaxşı bir komanda formalaşdırım. Bunun üçün ilk öncə dostlarla başladıq,daha sonra isə əl ələ verib stadionları gəzib istedadlı oyunçuları komandaya cəlb etməyə nail olduq.
- Sumqayıtda minifutbolun perspektivini necə görürsünüz?
- Sumqayıt şəhəri istedadlar şəhəridir.Təbii buna əsaslanıb deyə bilərəm ki, sumqayıtlılar olaraq, idmanın bu növündə də,kənara çəkilməyib öz tövhəmizi vermiş sayırıq. Millimizin Avropa çempionluğunda böyük pay sahibi olan minifutbolçularımız var. Hazırda ən güclü klublarda sumqayıtlı futbolçular top qovur.Onlardan bəziləri bizim klubun şərəfini qorumuş, inkişaf etmiş, daha sonra güclü klublara transfer olmuşdur.
- Bir minifutbol komandası saxlamaq neçəyə başa gəlir, kimlər dəstək göstərir, komanda məşqlərini harada keçir?
- Normal mübarizə apara biləcək,ortasəviyyəli klub yaratmaq üçün mövsüm üçün 100-150 min manat büdcə lazımdır. Mən şəxsən hazırda dostlarımın dəstəyi ilə müəyyən işlər görürük. Hədəf və planlarımız var. Yaxın gələcəkdə klubumuzun yaxşı sponsorlarla əməkdaşlığı gözlənilir. Məşq məsələsinə gələndə, işlərimiz bir qədər çətinləşir. Çünki biz Sumqayıt klubu və minifutbolda şəhərimizin yeganə təmsilçisi olmağımıza baxmayaraq, şəhərimizdə stadion tapa bilmirik. MaşAllah şəhərimizdə futbola o qədər maraq var ki, kirayə meydança tapmaq mümkün deyil. Buna görə də klubumuz məşqlərini əsasən Azərbaycan çempionatının keçirildiyi Bakı Tennis Akademiyasında keçir. Bütün lazım olan invertarlar və.s hər biri akademiyanın daxilində bizə ayrılmış otaqlardadır.
- Artıq yeni mövsümün püşkü də atılıb və ilk turda "Atəşgah Suraxanı" ilə üz-üzə gələcəksiniz. Püşkü necə dəyərləndirirsiniz, rəqibi nə dərəcədə analiz edə bilmisiniz?
- "Atəşgah Suraxanı" güclü komandadır, dişli komandadır.Məlumatım olduğu qədər keçən mövsüm etdikləri səhvləri bu il etməmək, pley-off-a çıxmaq hədəfi var qarşılarında.Rəqbimizlə yoldaşlıq oyununda gücümüzü sınamışıq. Qələbə qazansaq da, bu, yoxlama matçı idi. Çempionat oyununda isə fərqli mənzərə ilə üzləşmək olar. Çünki top yumrudur, sürprizlər qaçılmazdır. Bunun əyani sübutu "Aznur" - "Zirə" oyunu və keçirilmiş finaldır.
- Klub rəhbəri kimi, komandanın qarşısına bu mövsüm hansı hədəf qoymusunuz?
- 5 illik planımız var və bunun üzərində çalışırıq. Bu hədəflər 5 ilin sonunda zirvədə tamamlanmalırı. Bu mövsüm klubun maksimum hədəfi çempionluğa oynamaq, minimum hədəf isə medal qazanmaq və ölkəmizi, şəhərimizi Avropada tanıtmaq, beynəlxalq moqyasda da titullar qazanmaqdır. Klubumuzun U-23 millimizdə 4 oyunçusu var. Xatırlatma etmək istəyirəm ki, oktyabr ayının 7 də Xorvatiyada U-23 millilərinin dünya çempionatı keçiriləcək. Bu ilin sonuna kimi həmin 4 futbolçumuzun əsas milli komandaya da dəvət alacağına inanıram.
Anar XANLAROV